Müsəlman cəmiyyətlərdə olduğu qədər, xristianlar və yəhudilər üçün də mövhumatçılığın böyük təhlükə olduğundan bəhs etmişdik. Həm xristianlar, həm də yəhudilərdən qadını ikinci dərəcəli vətəndaş kimi görüb, qadına olan nifrətini hər fürsətdə bəlli edən bir çox mövhumatçı var. Lakin, necə ki, bəzi xristianlar və ya bəzi yəhudilərin bu yanlış dünyagörüşləri tamamilə xristianlığa və ya yəhudiliyə aid edilə bilməzsə, bəzi müsəlmanların sahib olduqları eyni yanlış dünyagörüşü də İslama aid edilə bilməz. İslam dinində qadın və kişi bərabərdir. Hətta Quranda qadın daha üstün tutulmuşdur, qorunmuşdur. Allah Quran ayələrində insanlar arasındakı tək meyarın təqva olduğunu bildirir. İslam qadını tərifləyib ucaldır. Dolayısilə İslam dinində qadını kiçik hesab edən bir üslubun olduğunu iddia edənlər çox böyük səhvliyə yol verirlər.
İslam dininin qadını guya ikinci dərəcəli bir insan kimi qəbul etdiyi istiqamətindəki yanlış dünyagörüşü, kitabın əvvəlindən burayadək üzərində dayandığımız dəccali mərkəzlərin, İslam əleyhdarlığını yaya bilmək üçün seçdikləri ən həssas mövzulardan, əl atdıqları ən əsas üsullardan biridir. Həmin bu ətraflar, heç bir təməli və doğruluğu olmayan bu yanlış dünyagörüşünü dünya səviyyəsində yaya bilmək və İslamla əlaqədar mənfi anlayış hakim etmək üçün də, mövhumatçılardan istifadə edərlər.
Peyğəmbərimiz (s.ə.v)-in qadınlara olan şəfqətli, mərhəmətli yanaşmasından, Quran ayələrində qadınlara verilən bütün haqqlardan, qadınlara göstərilməli bildirilən gözəl əxlaqdan uzaq olan bu insanlar, öz uydurduqları xurafatlarla həqiqətən də qadınlara qarşı zülmü, ədalətsizliyi, haqsızlığı, mərhəmətsizliyi, hətta elə bil, onları insan yerinə qoymamağı öz aləmlərində dinimizin əmri kimi göstərməyə çalışırlar. Cahilcəsinə onların ardınca gedən kütlələr də əsrlərdir ki, davam edən bu tətbiqləri davam etdirmiş və bu çirkli inanc bəzi müsəlman cəmiyyətlərdə özünə zəmin tapmışdır. Həmin bu mövhumatçıların xurafatlarını əsaslandırdıqları mənbə isə, qadın əleyhdarlığını müdafiə edən saxta hədislərdir.


Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən nümunələrlə İslamda qadına verilən dəyər

Adnan Oktar: Peyğəmbərimiz (s.ə.v) belə demişdir: "Qadınları sevmək peyğəmbərlərin əxlaq xüsusiyyətindəndir". Kuleyni, Kafi və bir çox yerdə var.Yenə Rəsulullah (s.ə.v)-dən bir hədis: "Bir insanın qadınlara qarşı sevgisinin çoxalmadığı müddətcə, imanının artacağını düşünmürəm". Qadın sevgisi imanla əlaqəlidir, inşaAllah.
Rəsulullah (s.ə.v)-dən yenə hədis: "Mənim göz nurum namazda, həzz qaynağım da qadınlarda qərarlaşdı". Allah tərəfindən, bir nemət olaraq.Yenə Rəsulullah (s.ə.v)-dən bir hədis: "Qulun qadınlara olan sevgisi çoxaldıqca, fəzilət baxımından da imanı da artar". Peyğəmbərimiz (s.ə.v) belə söyləmişdir: "İnsanın əlində tutacağı, mühafizə edəcəyi xəzinənin, sərvətin ən xeyirlisini söyləyimmi? Bu əməlisaleh qadındır".
Ömər ibn əl-Xəttab belə söyləmişdir: "Vallah biz cahiliyyət dövründə qadınlara dəyər verməzdik". Necə ki, indiküfr əhlində qadına dəyər vermirlərsə, o dövrdə də bu vardı. "Allah onlarla əlaqədar ayələr göndərdikdən və onlara bəzi haqqlar verdikdən sonra biz də qadınlara dəyər verməyə başladıq və onları sevdik" deyir (Adnan Oktarın 7 oktyabr 2012-ci ildə A9 telekanalında verdiyi müsahibədən).

 

Axırzamanda qadınlara lazımi dəyər veriləcək

Adnan Oktar: ...Qadınlara qarşı sevgi Axırzamanın xüsusiyyəti olacaq. Mehdi (ə.s) dövründə, qadınlar seviləcək və azad olacaq. Peyğəmbərimiz (s.ə.v) bununla əlaqədar xüsusi hədislər söyləmişdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) qadınların tək başına və ya dostlarıyla birlikdə uzun məsafələr boyu səyahət edəcəklərini söyləmişdir.
Hazırda gedə bilmir qadınlar. Baxın Məclisdə (TBMM) də çox az sayda qadın var. Bu çox anormal vəziyyətdir. Məclisin ən azı yarısı qadın olmalıdır, əsas vəzifələrin ən az yarısını qadınlar təşkil etməlidir.
Qadın baş nazir də olar, prezident də olar, məclis başçısı da olar. Qadınlar çox gözəl varlıqlardır, biz hər yerdə onların nəcib görünüşünü, o gözəl mehriban görünüşlərini görək. Qadınlar Allahın Rəhman və Rəhim adlarının təcəllisidir. Allahın Lətif və Nur adlarının təcəllisidirlər... (hörmətli Adnan Oktarın Kocaeli və Aba telekanallarında verdiyi, 27 noyabr 2010-cu ildəki müsahibələrindən)


Quranda qadının hüququ həmişə ön plandadır və qadın təriflənmişdir

İslamda qadının yerini anlamaq üçün, əvvəlcə Quran ayələrinə və Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərinə baxılmalıdır.
Qadın, Qurana görə çox mübarək və təriflənən bir varlıqdır. Qadınlar sonsuz güc və qüdrət sahibi olan Rəbbimiz tərəfindən çox böyük bir nemət, qəlblərə xitab edən bir bəzək və gözəllik olaraq yaradıldıqları kimi, İslam üçün materializm, darvinizm, kommunizm və bunun kimi bütün dinsiz cərəyanlarla aparılacaq elmi mübarizənin də mühüm bir parçasıdırlar. Quran ayələrinə baxıldıqda qadınların hüququnun kişlərlə müqayisədə həmişə ön planda tutulduğu görülər. Qadın, Quran ayələrində həmişə qorunur, haqqları müdafiə olunur, maddi-mənəvi zərər çəkməməsi üçün haqqlarla dəstəklənilir. Çətin məsuliyyətlərin daha çox kişilərə verilmiş olmasının hikməti budur. Allah qadını, gözəl bir təcəlli, namus və təmizlik simvolu, şəfqət və sevgi mənbəyi kimi yaratmışdır. Qadın, dünyaya mehribanlığı, sevgini, ən gözəl dostluğu öyrədən müəllimdir. Allahın bir bəzək kimi yaratdığı, təriflədiyi, qoruduğu gözəl bir nemətdir.
Müsəlmanlıqda qadın sultandır. İslamda kişilərə bəzi fiziki məsuliyyətlərin yüklənməsi bundan ötrüdür. Qadın, evdə və ya çöldə işləmək, pul qazanmaq məcburiyyətində deyil. Əlbəttə ki, istəsə işləyə bilər, lakin çətin vəziyyətdə qalmaması, çətinlik çəkməməsi üçün kişi qadının baxımı və ehtiyaclarıyla maraqlanmağa məcburdur. Dolayısilə bir kişi həyat yoldaşını tarlada, fabrikdə və ya hər hansı bir yerdə işlməyə məcbur edə bilməz. Tam əksinə onun ən gözəl şəkildə rahatlıq tapması, ona zərər gəlməməsi, qorunub himayə edilməsi kişinin məsuliyyətinə verilmişdir.
Qadın-kişi bərabərliyi mövzusunda İslama istiqamətli tənqidlər etməyə çalışanlar, Quranın qadınlara verdiyi bu üstün dəyərdən xəbərsizdirlər. Onlar, qadın-kişi bərabərliyi mövzusunda lüzumsuz yerə qışqırıb bağırar və İslama böhtanlar atdıqları bir vaxtda, ön mühakiməli dünyagörüşünə sahib olduqları və Quran ayələrində təsvir edilən həqiqi İslam əxlaqından xəbərsiz olduqları üçün, Qurana görə qadının kişidən daha üstün tutulduğunu bilməzlər.
Quranın endirilməsi ilə, o dövrdəki cahil cəmiyyətlərdə qadınlara olan yanlış dünyagörüşü də ortadan qaldırılmış və qadına cəmiyyətdə hörmətli yer qazandırılmışdır. Peyğəmbərimiz (s.ə.v), qadınlara həmişə çox böyük dəyər vermiş, Rəbbimizin aləmlərə rəhmət kimi endirdiyi Quran ayələri vəsiləsi ilə, qadınların ikinci dərəcəli insan rəftarı görmələrinə əsla icazə verməmişdir. Peyğəmbərimiz (s.ə.v) eyni zamanda qadınları Allahın bir nemət kimi görüb, onlara dərin sevgi, mərhəmət, şəfqət və hörmət bəsləmişdir. Peyğəmbərimiz (s.ə.v)-in qadınlara bəslədiyi bu dərin duyğuları, onun bu hikmətli sözləri çox gözəl ifadə edir:
Dünyanızdan mənə üç şey sevdirildi: Gözəl qoxu, əməlisaleh qadın və gözümün nuru olan namaz. [Nesâî, İşretu'n-Nisâ 1, (7, 61).]
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-dən rəvayət edilən səhih hədislərdə, İslam dinində qadınlara verilən həqiqi dəyər tam açıq şəkildə görülür. Bu hədislərdən bəziləri belədir:
Qadınlara nəcabət və şərəf sahibi insan dəyər verər. Onları ancaq pis və alçaq insanlar xor görər... (İ. Asakir)
"Sizin ən xeyirliniz, həyat yoldaşlarına qarşı ən yaxşı davrananlardır". (İ. Asakir)
Həyat yoldaşlarınızı kədərləndirməyin. Onlar, Allahın sizə olan əmanətidir. Onlara qarşı mülayim olun, yaxşılıq edin! [Müslim]
Allah, həyat yoldaşı ilə yaxşı yola gedib zarafatlaşanı sevər və onların ruzilərini artırar. [İ. Lâl]
Ən üstün mömin,həyat yoldaşına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı kimsədir. [Tirmizi]
Ən yaxşı müsəlman, həyat yoldaşına ən yaxşı davranandır. İçinizdə, həyat yoldaşına ən yaxşı davranan mənəm. [Nesai]
Həyat yoldaşına gülər üzlə baxan kişinin əməl dəftərinə, bir kölə azad etmiş savabı yazılar. [R. Nasıhin]
Həyat yoldaşını döyən, Allaha və Rəsuluna üsyankar olar. Qiyamətdə onun düşməni mən olaram. [R. Nasıhin]
Quranı oxuyan bir insan, ayələrdə qadının ağlına, incə düşünmə və incəlikləri görmə qabiliyyətinə dair müxtəlif işarələr olduğunu dərhal görər. Məsələn, Quranda Səba Məlikəsi Bilqeysdən bəhs edilir. Bilqeys, o dövrün dövlət başçısı olmuşdur. Allah Quranda qadının, dövlət başçısı ola biləcəyinə və dövlət orqanlarının idarəetməsini boynuna götürə biləcəyinə işarə edir.
Allaha qarşı çıxan, münafiqlik edən, pis əxlaq göstərən qadınlar "qadın" olduqları üçün deyil, Allaha qarşı üsyankar olduqları və zülm etdikləri üçün tənqid edilirlər. Bu barədəki hökm qadın üçün də, kişi üçün də eynidir. Bu barədəki hökm hər dində eynidir. Dövləti dağıtmağa çalışan anarxist qadınlar həbsxanaya salındığı üçün həmin dövlətə "qadın düşməni" deyilə bilməyəcəyi kimi, münafiq və müşrik qadınların varlığından ötrü, eyni ittiham bir dinə qarşı da edilə bilməz.

 

İslama görə kişilər qadınların hakimi deyil, onları qoruyub himayə edənlərdir

Hazırki dövrdə bəzi ətraflar, xüsusilə də bəzi xristianlar, İslam mənbələrində "kişinin qadına hakim olduğunun" təsvir edildiyini iddia edir və bəzi mövhumatçıların qadınlar üzərindəki yanlış tətbiqlərini də bu məntiqləriylə eyniləşdirirlər. Öz aləmlərində bu yanlış məntiqlərinə dəlil kimi göstərdikləri ayə bu cürdür:

Allahın bəzilərini digərlərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində məsuliyyət sahibi himayəçidirlər... (Nisa surəsi, 34)

Bu ayədə işlənən "kavvam" sözünün ərəbcədəki mənası "qoruyan, himayə edən, nəzarət edən" deməkdir. Dolayısilə ayədəki açıqlama, yuxarıda verdiyimiz izahlarla tam şəkildə üst-üstə düşür. Allah kişilərə qadınları sıxıntılar və çətinliklərə qarşı qorumaq, himayə etmək və nəzarət etmək vəzifəsini vermişdir. Bu, daha əvvəl də bildirdiyimiz kimi, qadının acizliyindən və ya qorunmağa möhtac bir varlıq olmasından deyil, qiymətli bir nemət olmasından qaynaqlanır. İnsanların bəzilərinin digərlərindən üstün edilməsi ifadəsiylə də, kişilər və qadınların yaradılışındakı fərqin vurğulandığı aydındır. Əlbəttə ki, qadınlar və kişilər fiziki cəhətdən bir-birlərindən fərqli quruluşlara sahibdirlər. Lakin qadının fiziki cəhətdən, kişiyə nisbətə daha zəif olması, onun cəmiyyətdə kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil. Əlbəttə ki, güc və qüvvət baxımından üstün xüsusiyyətlərə sahib qadınlar da var. Lakin ümumiyyətlə kişilərin çətin və ağır vəzifələri boynuna götürəcək fiziki üstünlüyə sahib olduqları aydın məsələdir. Lakin yaradılışdakı bu fiziki fərq əsla əxlaqi, əqli və ya mənəvi üstünlüyün əlaməti deyildir, tam əksinə kişinin qoruyuculuq xüsusiyyətini yerinə yetirməsi üçün zəruridir.
Quranda kişinin qadının idarəçisi olduğuna dair heç bir hökm yoxdur. Qurana görə nə kişilər qadınlar üzərində, nə də qadınlar kişilər üzərində hakimiyyət qura bilməz. Hər ikisi də bir-birini tamamlamaq üçün, Allaha qarşısında bərabər haqq və məsuliyyətlərlə yaradılıblar. Qadınların kişilər tərəfindən "qorunması və himayə" edilməsi, Allahın qadınlara verdiyi üstün dəyərdən qaynaqlanır.

 

Üstünlük təqvaya görədir, cinsiyyətə görə deyil

Allah Quran ayələriylə, qadınlara bir gözəllik və nemət olaraq, onları qoruma altına almış, lakin bununla birlikdə İslama xidmət etmək məsələsində müsəlman kişilərlə müsəlman qadınları bərabər tutmuşdur. Hər ikisi də Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşı işlər görməyi buyurub, pis əməllər etməyi qadağan etməklə və Quranda bildirilən bütün əmr və tövsiyələrə tabe olmaqla məsuldurlar. Allah Quranın: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə doğru ilə yanlışı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir" (Ənfal surəsi, 29) ayəsində, Allahdan qorxub çəkinən hər insana, “doğrunu yanlışdan ayırd etmə bacarığı” verəcəyini vəd etmişdir. İnsanın qadın və ya kişi olması bu nəticəni dəyişdirmir. Səmimiyyəti, ixlası və imanı qarşılığında, Allah bir insana həyatın hər sahəsində özünü doğru yola yönəldəcək, doğru qərarlar almasını və məqsədəuyğun rəftarlar göstərməsini təmin edəcək ağıl verir. Dolayısilə ağıl, insanın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə meydana gəlir.
Allah üçün dinsiz cərəyanlara qarşı elmi mübarizə aparan kişi və qadın müsəlmanlar arasında isə, üstünlüyün tək ölçüsü təqvadır. Rəbbimiz bir ayədə belə buyurur:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən üstün olanınız, (irq və ya nəsil cəhətdən) təqva cəhətdən ən üstün olanınızdır. Şübhəsiz ki, Allah, Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

Bu ayə, yuxarıda təsvir etdiyimiz mövhumatçılara da ən gözəl cavabı verir. Öz aləmlərində Quranı dəlil göstərərək kişiləri qadınlardan üstün hesab edənlər yalan danışırlar. Uydurduqları xurafatlarla insanları aldatmağa çalışırlar. Quran ayələrini və Peyğəmbərimiz (s.ə.v)-in həyatını araşdırmaq mövhumatçıların qadınlara olan dünyagörüşlərinin həqiqi İslam dini ilə heç bir əlaqəsinin olmadığını anlamaq üçün kifayətdir.
Uca Allah bir çox ayəsində "mömin kişilər və mömin qadınlar"dan bəhs edir. Quranda qadın və kişi ayrı tutulmamışdır. Allah möminlərdən bəhs edərkən onların kişi və ya qadın olmalarına deyil, yaxşı əməllər görən insanlar olmalarına diqqət çəkir. Quranda edilən üstünlük ayrı-seçkiliyi qadın və kişi arasında deyil, yaxşı əməllər görən möminlərlə müşrik və münafiqlər arasında edilir. İmanın özünə qazandırdığı ağılla hərəkət edən hər insan, qadın və ya kişi olmasından asılı olmayaraq, həyata dair hər mövzuda uğur qazana bilər və bir çox insandan önə də keçə bilər. Bu tamamilə insanın, istəyindən, şövqündən və əzmindən asılıdır. İman gətirənlər İslam əxlaqının bir tələbi olaraq, özlərini heç vaxt heç bir mövzuda kafi görməzlər. Həmişə daha ağıllı, daha qabiliyyətli, daha məsuliyyət sahibi, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insanlar ola bilmək üçün səy göstərərlər.
Uca Allah, müsəlmanlar arasında kişi və ya qadın ayrı-seçkiliyi olmadığını, aralarındakı üstünlüyün təkcə imana, səmimiyyətə, ixlasa və, Allah qorxusuna yəni təqvaya görə müəyyən olunduğunu ayələrində xəbər vermişdir:

Mömin kişilərlə mömin qadınlar bir-birlərinin vəlisidir. Onlar insanlara yaxşı işlər görməyi buyurar, pis əməlləri qadağan edər, dosdoğru namaz qılar, zəkat verər, Allaha və Onun Elçisinə itaət edərlər. Məhz Allahın rəhm edəcəyi insanlar bunlardır. Həqiqətən, Allah üstün və güclü, hökm və hikmət sahibi olandır. Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Məhz böyük qurtuluş və xoşbəxtlik budur. (Tövbə surəsi, 71-72)

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, könüllü surətdə (Allaha) itaət edən kişilər və könüllü surətdə (Allaha) itaət edən qadınlar, sadiq olan kişilər və sadiq olan qadınlar, səbirli kişilər və səbirli qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilərqadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

Ayədə açıqca görülə biləcəyi kimi qadınlar və kişilər Allaha qarşısında bərabər məsuliyyətləri daşıyırlar. Qadın və kişilər arasındakı bərabərlik, Allahın qadına və kişiyə dünya həyatındakı imtahan müddətində bərabər haqqlar tanımasından da aydın olur.
Allah: "Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək" (Kəhf surəsi, 7) və "hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Həmçinin siz Bizə qaytarılacaqsınız!" (Ənbiya surəsi, 35) ayələriylə, kimlərin daha gözəl əməllər işləyəcəyininin ortaya çıxması üçün, qadınları və kişiləri sınaqdan keçirdiyini bildirmişdir. Allah digər bir ayədə isə: "Biz sizi bir az qorxu, aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayacağıq. Səbir edənlərə müjdə ver" (Bəqərə surəsi, 155) deyə bildirərək, həyatlarının sonuna qədər qadınları və kişiləri müxtəlif hadisələrlə sınayacağını, bütün bunlar qarşısında səbir göstərə bilənlərə isə, rəhmətiylə cavab verəcəyini müjdələmişdir.
Allah həm qadınlar, həm də kişilər üçün müəyyən ömür müddəti müəyyənləşdirmiş, hər ikisini də Qurandan məsul tutmuş və hər ikisinə də həyatlarının hər anında özlərinə doğrunu ilham edəcək bir vicdan vermiş, eləcə də, nəfsi və şeytanı hər ikisinin düşməni etmişdir. Dünya həyatındakı imtahanın tələbi olaraq, qadın və ya kişi olmağından asılı olmayaraq, hər kim gözəl əxlaq göstərib yaxşı əməllər əməllərdə işləsə, Allah bu insanların dünyada və axirətdə ən gözəl qarşılığı alacaqlarını bildirmişdir:

Həm kişilərdən, həm də qadınlardan iman gətirmiş olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)

 

Quranda qadınların haqqları həmişə qorunmuşdur

Allahın insanlar arasında dinclik və ədaləti təmin etməsi üçün, bildirdiyi Quran əxlaqı ilə, qadının istər ictimai həyatındakı, istərsə də, ailə həyatındakı bütün haqqları qoruma altına alınmışdır. Şübhəsiz ki, bu, qadınlar üçün də çox böyük rəhmət, böyük asanlıq və nemətdir. Allahın bildirdiyi əxlaqa görə hərəkət edildikdə, qadınlar çətinlik çəkməyəcək, gələcəkləri və rahatlıqları zəmanət altına alınacaq.
İrəliləyən sətirlərdə Allahın Quran ayələri ilə bildirdiyi, qadını və sahib olduğu ictimai haqqları zəmanət altına alan ayələrdən bəzilərinə toxunacaq və İslam əxlaqında qadına nə qədər dəyər verildiyini və ona necə qayğı göstərildiyini göstərəcəyik.

 

Boşanma vəziyyətində qadınların könüllərinin alınması və məmnun edilmələri

Boşanma, nəfslərinin istəyinə uyğun yaşayan bəzi insanlar üçün, qarşı tərəflə olan bütün mənfəət əlaqələrini bitirmələri mənasını verər. Bu insanlar mənfəət əlaqəsinin bitdiyi yerdə, qarşı tərəfə artıq qayğı və diqqət göstərmələri üçün bir səbəb qalmadığına inanarlar. Çox vaxt, ayrıldıqları insanlara qarşı olan bütün sevgi və hörmət hisslərini də itirdikləri üçün, təkcə öz mənfəətlərini qoruma altına alacaq şəkildə hərəkət edər, qarşı tərəfin içində olduğu vəziyyəti, yaaşdığı sıxıntı və çətinlikləri, ehtiyac içində olduqları mövzuları görməzlikdən gələ bilərlər. Halbuki uca Rəbbimiz Quranda, boşandıqdan sonra qadınlara şəfqət və mərhəmətlə, gözəl əxlaqla davranılmalı olduğunu belə təsvir etmişdir:

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman, onları ya gözəl tərzdə saxlayın, ya da gözəl tərzdə buraxın..." (Bəqərə surəsi, 231)

Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl boşasanız, artıq onlar üçün gözləmə müddətini saymağa (yanınızda saxlamağa) haqqınız yoxdur. Artıq (dərhal) onları yararlandırın (onlara kifayət edəcək məbləğ verin) və onları gözəl tərzdə buraxın. (Əhzab surəsi, 49)

Boşanma ərəfəsində və boşanmadan sonra kişinin qadına göstərməli olduğu nəzakət, hörmət, diqqət, mərhəmət və qoruyuculuq Quranın əmridir. Belə bir əxlaq yalnız Quranla yaşanar. Aydındır ki, qadına ən böyük əhəmiyyət İslamda verilir. Bunu görmək üçün xurafatçıların yalanlarına deyil, Quran ayələrinə və Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərinə baxılmalıdır.

 

Boşandıqdan sonra qadınların maddi zəmanət altına alınmaları

İslamda boşandıqdan sonra qadının gələcəyinin maddi cəhətdən zəmanət altına alınması əmr edilmişdir. Boşanan bir qadının başlı-başına, himayəsiz, maddi cəhətdən dayaqsız buraxılması Quranda qadağan edilir. Əgər bir insan həqiqətən Qurana tabe olan saleh bir mömindirsə, Allahın Quranda bildirdiyi bu hökmlərə də tam şəkildə əməl etmək məcburiyyətindədir. Onsuz da belə bir insan, bunu Allah sevgisi ilə diqqətlə və istəyərək yerinə yetirər.
Quranda boşanmış bir qadının maddi zəmanət altına alınmasını şərt gətirən ayələr belədir:

(Əri tərəfindən) Boşanan (qadın)lar üçün, qanuni surətdə yararlanma (və dolanışıq) payı var. Bu, çəkinənlər üçün bir haqq (borc)dır. (Bəqərə surəsi, 241)

...Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə, yaxşılıq edənlər üçün bir borcdur. (Bəqərə surəsi, 236)

Var-dövlət sahibi nəfəqəni (alimenti) varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)

Ayələrdən göründüyü kimi zəngin bir insan da, imkanı az olan bir insan da boşandığı qadını qorumaqla məsul tutulmuşdur. Həyatı boyu həmin qadını bir daha heç görməyəcək, maddi-mənəvi heç bir mənfəət əldə etməyəcək də olsa, boşandığı həyat yoldaşını maddi cəhətdən qoruma altına almaqla və ona nəzakətli davranmaqla məsuldur. Uca Allah bunun da mütləq könül xoşluğuyla, sevərək və istəyərək edilməsinin zəruriliyini ayələrində bildirmişdir:

Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin! (Nisa surəsi, 4)

 

 

Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması

Uca Rəbbimiz ayələrində, boşandıqdan sonra kişinin evli olduğu müddət ərzində həyat yoldaşına verdiyi hər hansı bir şeyi geri almamalı olduğunu bildirmişdir:

Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın (mal və pul) vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız? Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar? (Nisa surəsi, 20-21)

...Onlara (qadınlara) verdiklərinizdən bir şey götürmək sizə halal olmaz... (Bəqərə surəsi, 229)

Allah ayələrdə kişiyə evlənməklə qadına bir söz və zəmanət verilmiş olduğunu xatırladır. Bu sözdən ötrü də, qadına “yığın-yığın mal və pul” verilmiş olsa da, yenə də onlardan bunları geri qaytarmağı tələb etməməyi bildirmişdir. İman gətirən, Allahdan qorxan və hər işi Allahın rizasını qazana bilmək ümidiylə edən bir insan, sözün Allaha verilmiş olduğunu bilər. Bundan ötrü də, bu mövzudakı məsuliyyətini ən gözəl şəkildə yerinə yetirər. Bu, hal-hazırda demək olar ki, dünyanın heç bir yerində tətbiq oluna bilməyən çox üstün bir əxlaqdır. Məhz Quranın dərinliyini, sevgi və şəfqət anlayışını qavraya bilməyən mövhumatçıların və onları İslamın həqiqi nümayəndələri kimi görmək yanılmasına qapılanların ən böyük yanılmalarından biri budur. Qadına layiq olduğu dəyər yalnız Quranda verilir.
Bəzi xristianlar bu əmrlərin niyə hazırda İslam ölkələrində tətbiq olunmadığını dilə gətirir və bu mövzuya şübhəylə yanaşırlar. Əlbəttə ki, bunun səbəbi hazırda İslam ölkələrində həqiqi Quran əxlaqının yaşanmaması, bir çox ölkədə mövhumatçıların uydurduqları xurafatların hakim mövqedə olmasıdır. Yoxsa tamamilə Qurana uyğun hərəkət edən bir müsəlman, Allahın bu əmrlərini könül rahatlığı və xoşbəxtliklə yerinə yetirər.

 

Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi

Quran ayələrinə görə kişi, boşandıqdan sonra belə qadının təhlükəsizliyini və rahatlığıını təmin etməklə məsul tutulub. Həmin ana qədər, maddi-mənəvi hər cür ehtiyacını həyat yoldaşının və ya evlilik mühitinin təmin etdiyi imkanlarla qarşılayan qadın, boşanma ilə, birlikdə bir çox cəhətdən çətinlik içində qala bilər. Mömin əxlaqı belə bir vəziyyətdə insanın mümkün qədər anlayışlı olmasını və qarşı tərəfin ehtiyaclarını öz ehtiyacları kimi bütün incəliklərinə qədər düşünüb kömək etməyə çalışmasını tələb edir. Məhz buna görə də, xüsusilə boşanma kimi qadının zərər çəkə biləcəyi vəziyyətlər üçün, Rəbbimiz xüsusi olaraq alınmalı tədbirləri, edilməli şeyləri və göstərilməli olan gözəl əxlaq xüsusiyyətlərini ayələriylə bildirmişdir. Uca Allah, boşanmadan sonra qadının çətin vəziyyətdə qalmaması və kafi qorumanın təmin edilə bilməsi üçün kişiyə, onu yaxınlığında tutmasını nəsihət edir. Hətta ayədə, bunun bir təhlükə anında qoruya biləcəyi şəkildə edilməli olduğu bildirilir. Boşanmadan sonra özünə qala biləcəyi münasib bir yer tapana qədər bu mövzuda qadına imkan təmin edilməsi, ona hər hansı şəkildə zərər gəlməsinə icazə verilməməsi, mömin üçün, vicdani cəhətdən mühüm məsuliyyətdir:

(Boşadığınız) qadınlara imkanınız daxilində öz yaşadığınız yerin bir kənarında yer verin. Darlıq və sıxıntıya salmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, yüklərini yerə qoyana (hamiləlikdən azad olana) qədər onlara nəfəqə (aliment) verin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. (Vəziyyətinizi və əlaqələrinizi) Öz aranızda (gözəl və İslama uyğun tərzdə) görüşüb danışın. Əgər çətinlik çəksəniz, bu təqdirdə uşağı başqa bir qadına əmizdirə bilər. (Talaq surəsi, 6)
 
Burada mövzunun əhəmiyyəti baxımından, bunu təkrar ifadə etmək lazımdır: Əlbəttə ki, ayələrdə bildirilən bu qoruma tədbirləri qadının özünə baxmaqdan aciz olduğu mənasını vermir. Bu, bəzi ön mühakiməli insanların İslam dininə hücum etmək məqsədiylə ortaya atdıqları cəfəngiyatlardır. Ayələrdə üstün bir əxlaqdan bəhs edilir. Burada, bəhs edilən nəzakətli əxlaq, üstün tutmaq və dəyər verməkdir. Qadına sahib çıxmaq, çox hörmətli və qiymətli bir varlıq olduğunu ona hiss etdirməkdir. Allahın qadına verdiyi əhəmiyyəti və qoruyuculuğu feli cəhətdən göstərməkdir.

 

Qadınlara zorla varis çıxılmaması

Quranda qadının qorunması ilə əlaqədar məsuliyyətlərdən biri də, qadınlara zorla varis çıxılmamasıdır. Allah ayəsində belə buyurur:

Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onlara təzyiq göstərməyin. Onlarla yaxşı yola gedin..." (Nisa surəsi, 19)

Allah bu ayə ilə də qadına təzyiq göstərilməsini və maddi cəhətdən onu çətin vəziyyətə salacaq bir tətbiqi qadağan etmişdir.

 

Anaya verilən dəyər

Analıq mövqeyi, Quranda təriflənmişdir. Ana-ataya hörmət, onlara yaxşı davranmaq, onları hər vaxt olduğu kimi yaşlandıqları vaxt da, qoruyub himayə etmək Quranda xüsusilə saleh möminlərin üzərinə yüklədilmiş məsuliyyətlərdir və bu mövzuyla əlaqədar bir çox ayə var. Bu ayələrdən bəziləri belədir:

Biz insana ata-anası ilə gözəl davranmağı tövsiyə etdik... (Ənkəbut surəsi, 8)

Quranda ata-anaya hörmət və yaxşılıq etmək müsəlmanlara tövsiyə edilmişdir. Lakin anaya xüsusi dəyər verilmişdir. Allah ayələrində belə bildirmişdir:

Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Anası onu bətnində gündən-günə artan çətinliklə daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-anana şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14)

Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və ata-anama bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Həqiqətən mən tövbə edib Sənə yönəldim və həqiqətən, mən müsəlmanlardanam!”. (Əhqaf surəsi, 15)

Həqiqətən də, hər ana, övladını dünyaya gətirə bilmək üçün aylarla böyük fədakarlıqlara qatlanır. Allahın ayədə bildirdiyi kimi, körpəsini gündən-günə artan çətinliklə bətnində daşıyır və sonra da, onu çətinliklə dünyaya gətirir. Həmçinin sonra da yenə böyük fədakarlıq göstərərək övladının hər cəhətdən rahatlıq tapmasını və himayəsini də boynuna götürür. Üstəlik, bunları edərkən heç bir qarşılıq gözləmir, hətta öz ehtiyaclarını da ikinci plana alır. Allah bu həqiqətləri bizə xatırladır və analarımızın çox qiymətli varlıqlar olduğuna diqqət çəkir.
Quranda qadına verilən dəyər və əhəmiyyət bu qədər qəti hökmlərlə açıqlandığı halda, qadın hər cəhətdən qorunarkən bəzi xristianlar öz aləmlərində İslamda qadının xor görüldüyünü iddia edərək və Quran müsəlmanlarına qarşı xurafatçıları dəlil gətirərək tənqid etməyə təşəbbüs edirlər. Bu insanlar ayələri diqqətlə oxumalı və bitərəf şəkildə düşününməlidirlər. Həmçinin bu insanların Tövrat və İncildə qeyd olunan qadınlara aid bəzi ifadələri nəzərə almadan Quranı tənqid etməyə çalışmaqda israrlı olmaları da çox təəccüblüdür.

 

Tövrat və İncildəki qadınlara aid yanlış açıqlamalara nümunələr
 

İslam dininin qadına olan dünyagörüşü ilə əlaqədar bilinən yanlış məlumatlar, xüsusilə son vaxtlarda bəzi xristian qruplar tərəfindən tez-tez dilə gətirilir. Halbuki, yuxarıda ətraflı şəkildə izah etdiyimiz kimi, Quranın qadınlara dair dünyagörüşü sevgi, şəfqət, mərhəmət və ədalət təməli üzərində qurulub.
İslama bu tənqidləri gətirən bəzi xristian qruplarının bu mövzuda niyə Tövrat və İncildə olan bəzi ifadələrə heç toxunmadıqları şübhə məsələsidir. Tövrat və İncilə baxdığımız vaxt, qadınlara dair olduqca dəhşətli ifadələrin olduğunu görərik.

Məsələn, xristianların da Müqəddəs Qanun saydıqları, məsul olduqlarını düşündükləri və öz kitabları kimi qəbul etdikləri Tövratda zina edən bir qadının cəzası daşlanaraq öldürülməkdir. Bəzi İslam ölkələrinin tətbiqlərinin əksinə daşlayaraq insan öldürmək Quranın heç bir ayəsində yoxdur. Lakin Tövratda vardır. Mövzuyla əlaqədar ayələr belədir:
Əgər bir insan başqa birinin arvadıyla yatarkən tutulsa, həm qadınla yatan insan, həm də qadın, ikisi də öldürülməlidir. İsraildən pisliyi atmalısınız. (Yasanın Tekrarı 22:22)

Əgər bir insan şəhərdə başqa biriylə nişanlı bir qızla qarşılaşsa və onunla yatsa, ikisini də şəhərin qapısına aparmalı və daşlayaraq öldürməlisiniz. (Yasanın Tekrarı 22:23)

Lakin bu iddia doğrudursa, qızın evli olduğuna dair bir dəlil tapıla bilməsə, qızı ata evinin qapısı önünə gətirməlidirlər və şəhər camaatı qızı daşlayaraq öldürməlidir. (Yasanın Tekrarı 22:20)

Biri başqa birinin arvadıyla, yəni qonşusunun arvadıyla zina etsə, həm özü, həm də zina etdiyi qadın mütləq öldürülməlidir. (Levilliler 20: 10)

Atasının arvadıyla yatan, atasının namusunu ləkələmiş olar. İkisi də mütləq öldürülməlidir. Ölümə layiq olublar. (Levilliler 20: 11)

Bir insan gəliniylə yatsa, ikisi də mütləq öldürülməlidir. Alçaqlıq ediblər, ölümə layiq olublar. (Levilliler 20: 12)

Bir insan həm bir qızla, həm də qızın anasıyla evlənsə, alçaqlıq etmiş olar. Aranızda belə alçaqlıqlar olmasın deyə üçü də yandırılmalıdır. (Levilliler 20: 14)

Quranda isə, hər hansı şəkildə zina ittihamı atan insanın, həmin vaxt hadisəyə bilavasitə şahid olmuş 4 şahid gətirmək məcburiyyəti var. Ancaq və ancaq həmin bu 4 şahid olduqda və şahidlər hadisə yerində zinaya bilavasitə şahid olduqları təqdirdə bir insanın zina etdiyinə dair qəti hökm meydana gələr.
Hökm verildikdən sonra cəza isə, yüz çubuq vurulmasından ibarətdir (Nur surəsi, 2-8). Aydındır ki, buradakı cəza hökmü qorxutmaq məqsədlidir. Aydındır ki, buradakı cəza hökmü qorxutmaq məqsədlidir. Çünki bir insanı tam zina edən vaxt, açıq şəkildə görə biləcək 4 insanın olması, faktiki cəhətdən qeyri-mümkündür.
4 şahid gətirilmədikdə isə, bu ittihamın tamamilə ortadan qalxdığı ayələrdə bildirilir:

Bir ər arvadına zina böhtanı atdıqda və şahid gətirmədikdə isə, qadının Allaha beş dəfə and içməsi onun üzərindəki bu ittihamı tamamilə ortadan qaldırar. (Nur surəsi, 8-9)

Tövratda isə zinanın cəzası "daşlanaraq ölmək"dir. Üstəlik, şahid gətirmək məcburiyyəti yoxdur. Cəzanın tətbiq olunması üçün bir söz belə kifayətdir. Bəzi xristianlar İslamı bu mövzuda tənqid edir, halbuki Tövratdakı bu hökm barəsində heç bir açıqlama vermirlər. Belə ağır və olduqca açıq bir hökm istənilən vaxt, bütün yəhudilərə və xristianlara aid edilə bilər. Bu mövzular yəhudilər və xristianlar haqqında çox qəribə fikirlərin meydana gəlməsinə səbəb ola bilər. Lakin müsəlmanlar, buradakı hökmün qorxutmaq məqsədli olduğuna, əyani cəhətdən tətbiq olunmayacağına, zaman keçdikcə dəyişdirildiyinə hökm edərlər, eləcə də, yəhudi və xristianlara olan dünyagörüşləri də buna uyğun olar.
Buna dair digər bir nümunə isə, mühasirəyə alınan şəhərlərdəki əsir qadınlarla əlaqədardır. Quranda kişi və ya qadın olmağından asılı olmayaraq, bütün əsirlər himayə altına alınmış, döyüş bitdikdə isə, sərbəst buraxılmaları əmr edilmişdir. Lakin Tövrata görə mühasirəyə alınan bir şəhərdəki qadınlar və uşaqlar "düşmən malıdırlar""yağmalana bilərlər":
Lakin sülh təklifinizi qəbul etməyib, sizinlə döyüşmək istəsələr, o zaman şəhəri mühasirəyə alın. Tanrınız RƏBB şəhəri sizə təslim etdikdə, orada yaşayan bütün kişiləri qılıncdan keçirin. Qadınları, uşaqları, heyvanları və şəhərdəki hər şeyi yağmalaya bilərsiniz. Tanrınız RƏBBin sizə verdiyi düşmən malından istifadə edə bilərsiniz. (Yasanın Tekrarı 20: 12-14)
Üstəlik, mühasirəyə alınan bir şəhərdəki qadınlar, hətta uşaqlar, hətta körpələr belə ÖLDÜRÜLMƏLİDİR:
"Bu qadınlar Balamın verdiyi nəsihətə qulaq asaraq Peor hadisəsində İsraillilərin RƏBBə xəyanət etməsinə səbəb oldular. Buna görə də, RƏBBin topluluğu arasında ölümcül xəstəlik baş verdi. İndi bütün oğlan uşaqlarını və kişi ilə yatmış qadınları öldürün. Təkcə kişi ilə yatmamış gənc qızları özünüz üçün sağ buraxın. (Yasanın Tekrarı 20: 16-18)
Musa döyüşdən qayıdan ordu komandirlərinə (mayorlara, kapitanlara) qəzəbləndi. "Yoxsa bütün qadınları sağ qoydunuz?" deyərək, onları azarladı... (Çölde Sayım 31: 14-15)
"Hakim RƏBB belə deyir: Onları dəhşətə gətirəcək və üstlərinə mallarını yağmalayacaq izdihamlı kütlə salacağam. Onları daşa tutacaq, qılınclarıyla parçalayacaqlar; oğullarını, qızlarını öldürəcək, evlərinə od vuracaqlar". (Hezekiel 23: 46-47)
Kişilərlə qadınları, gənclərlə yaşlıları, cavan oğlanlarla cavan qızları, çobanla sürüsünü, cütçüylə öküzlərini, saxtakarlarla köməkçilərini darmadağın edəcəyəm. (Yeremya, 51: 22-23)
Tutulanın bədəni dəlik-deşik ediləcək, ələ keçən qılıncdan keçiriləcək. Balaları gözləri önündə parçalanacaq, evləri yağmalanacaq, qadınlarına təcavüz ediləcək... Oxlarıyla gəncləri parçalayacaq, körpələrə yazıqları gəlməyəcək və uşaqlara rəhm etməyəcəklər. (Yeşeya 13: 15-18)
O birilərinə: "Şəhər boyunca onu izləyin və bütün insanları acımadan və rəhm etmədən öldürün" dediyini eşitdim. "Yaşlını, gənci, gənc qızı, qadını, uşaqları öldürün..." (Hezekiel, 13: 5-6)
İndi get, amaleqlilərə hücum et. Onlara aid hər şeyi tamamilə yox et, heç bir şeyə rəhm etmə. Qadın-kişi, uşaq-muşaq, öküz, qoyun, dəvə, eşşək hamısını öldür. (1 Samuel, 15: 3)
Xeşbon padşahı Sixona etdiyimiz kimi, hamısını yox etdik. Hər şəhəri, qadın, kişi və uşaqlarla birlikdə, tamamilə yox etdik. (Yasanın Tekrarı, 3: 6)  
Tanrımız RƏBB onu əlimizə təslim etdi. Onu, oğullarını və bütün xalqını yox etdik. Bütün şəhərlərini ələ keçirtdik, hamısını yox etdik. Qadın, kişi, uşaq, heç kəsi sağ qoymadıq. (Yasanın Tekrarı, 2: 33-34)
Döyüşən bir şəhərdəki qadın-uşaq və heç bir canlının yaşadılmamalı olduğu yenə Tövratdakı hökmlərdən biridir:
Yaxınlığınızdakı millətlərə aid olmayan sizdən çox uzaq şəhərlərin hamısına belə davranmalısınız. Lakin Tanrınız RƏBBin miras olaraq sizə verəcəyi bu xalqların şəhərlərində nəfəs alan heç bir canlını yaşatmamalısınız. Tanrınız RƏBBin sizə buyurduğu kimi, onları (Xet, Emor, Kənan, Periz, Xiv və Yevus xalqlarını) tamamilə yox etməlisiniz. (Yasanın Tekrarı 20: 15-17) (Yasanın Tekrarı 20: 15-17)
İslamda oğurluğa qarşı, ayədə açıqca bildirildiyi kimi; "təkrarın qarşısını alan bir cəza olaraq" əl kəsmək cəzası var. Lakin bir insan işlədiyi günahdan ötrü tövbə etsə, bu cəza aradan qalxar (Maidə surəsi, 38-39). Əlbəttə ki, heç kəs belə qorxuducu bir qarşılıq alacağını bilə-bilə tövbə edib bağışlanmaq nemətini geri çevirməyəcək. Dolayısilə buradakı hökmün, tətbiq məqsədli deyil, təkcə insanları qorxutmaq məqsədli olduğu aydındır.
Bu hökmdən ötrü müsəlmanları tənqid edən xristianlar, əslində bu mövzuda Tövrata baxmalıdırlar. Tövratda olduqca qəribə səbəblərdən ötrü əl kəsmək cəzası vardır. Üstəlik, bu qəti hökm kimi tətbiq olunar və günahı işləyən insana mərhəmət də göstərilməz:
"Əgər iki kişi vuruşmağa başlasalar və birinin arvadı ərini, onu döyən kişinin əlindən qurtarmaq üçün, gəlib əlini uzadaraq, ərini döyən kişinin cinsiyyət orqanından tutarsa, həmin qadının əlini kəsməlisiniz; ona acımamalısınız. (Yasanın Tekrarı 22: 11-12)
Qadınlara dair Tövratda qeyd olunan qəribə tətbiqlərdən biri isə, belədir:
Bir qadın cinsi əlaqəyə girmək məqsədiylə bir heyvana yaxınlaşsa, qadını da, heyvanı da mütləq öldürməlisiniz. Onlar ölümə layiq olublar. (Levilliler, 20: 16)
Eyni vəziyyət İncil üçün də hakimdir. Bəzi xristianlar müsəlmanları, qadını ikinci dərəcəli vətəndaş kimi gördükləriylə ittiham edərlər. Halbuki İncilə baxıldıqda, qadının ikinci dərəcəli vətəndaş mövqeyinə gətirildiyinə və kişinin də ona hakim olaraq yaradıldığına dair açıqlamalar diqqəti çəkir. İncildə bu barədəki sözlər belədir:
...Məsih ... kilsənin başçısı olduğu kimi, kişi də qadının başçısıdır. (Efesliler 5:23)
Qadınlar yığıncaqlarınızda səssiz qalsın. Danışmalarına icazə yoxdur. Müqəddəs Qanunun da bildirdiyi kimi, itaətkar olsunlar. Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadının yığıncaq əsnasında danışması ayıbdır. (1 Korintliler, 14: 34-35)
Qadının öyrətməsinə, kişiyə hakim olmasına icazə vermirəm; səssiz olsun. Çünki əvvəlcə Adəm, sonra isə, Həvva yaradıldı; aldadılan da Adəm deyildi, qadın aldadılıb günah işlədi. (1 Timoteos, 2:12-14)
Kişi qadın üçün deyil, qadın kişi üçün yaradıldı. (1 Korintliler, 11: 9)
Görüldüyü kimi xristianlıq və yəhudilikdə qadınları alçaldan çox ağır ifadələr olduğu halda, bəzi insanların bu ifadələrə göz yumub, İslamı pisləməyə çalışmaları anlaşılmaz məsələdir. Bu insanların onsuz da Quranda olmayan hökmlərdən ötrü, İslamı öz aləmlərində hədəf almalarının heç bir izahı yoxdur. Necə ki, müsəlmanlar; xristianlar və yəhudilərə dair belə bir dünyagörüşünə sahib deyillərsə, yəhudilər və xristianlar arasında da qadını alçaldan mövhumatçılar olduğunu bilir və bunu qətiyyən bu iki dinin əslinə aid etmirlərsə; xristianlar da (Quranda olmayan xurafatları və bunları tətbiq edən mövhumatçıları dəlil göstərərək) İslama dair yanlış dünyagörüşünə sahib olmamalıdırlar.

 

Əsl qadın düşmənləri mövhumatçılar, münafiqlər, darvinistlər, materialistlər, kommunistlər və faşistlərdir

Qadınlara ikinci dərəcəli insan rəftarı etmək, hər fürsətdə onları alçaltmaq, qadının nemət kimi dəyərini bilməmək, bir sözlə, qadınlardan nifrət etmək, əslində darvinistlər, materialistlər, kommunistlər, faşistlər və mövhumatçıların xüsusiyyətidir. Bu insanlar heç bir gözəllikdən zövq almadıqları; incəsənətdən, estetikadan, gözəl qoxudan, heyvanlardan, bitkilərdən, musiqidən anlamadıqları kimi; bir nemət olaraq yaradılmış qadının dəyərini də qavraya bilməzlər. Özləri də mənəvi cəhətdən narahat olduqları, təmizlik və estetikadan zövq almayan bir həyat yaşadıqları üçün, gözəllikləri də görə bilməzlər. Həyatlarında zövq deyil, sıxıntı var, bundan ötrü də, nemətlərə nifrət və qəzəblə yanaşarlar.
Mövhumatçılıqda qadını ən çox alçaldan, qadına ən çox ikinci dərəcəli rəftarı göstərən insan, nümunəvi insan kimi göstərilər. Bu hər üç dinin mövhumatçıları üçün hakimdir. Halbuki İslam adından ortaya çıxan mövhumatçılar, tamamilə Qurana zidd hərəkət edir, Quran ayələrində və Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərində yer almayan bir bəla içində yaşayırlar. İslamı deyil, xurafatlarla meydana gətirdikləri batil bir dini tətbiq edən bu insanların düşüncələrinin İslama aid edilməsi olduqca mənasızdır.
Əlbəttə ki, qadınlara dair bu azğın məntiq, əslində dinsizliyin qaynağı olan darvinizm mənşəlidir. Darvin, qadınları alçaq görən dünyagörüşünü açıqca dilə gətirməkdən çəkinməmişdir. “İnsanın Mənşəyi” adlı kitabında, qadınların idrak etmə, iti qavrama və təqlid məsələsində "daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını" və bundan ötrü də, "daha köhnəlmiş və aşağı səviyyəli mədəniyyətə sahib olduqlarını" (John R. Durant, "The Ascent of Nature in Darwin's Descent of Man" in The Darwinian Heritage, Ed. by David Kohn, (Princeton, NJ: Princeton University Press, 1985), səh. 295)  yazmışdır. Qadınları öz aləmlərində təkamül keçirməkdə olan, inkişaf etməmiş bir irq kimi görən bu zehniyyətin necə ürküdücü bir həyat tərzi olduğu dərhal aydın olur. Belə mövhumatçı bir zehniyyətə sahib olan Darvin, qadının evlilikdəki rolunu bu inanılması çətin sözlərlə təsvir edir:
"...oynayacaq bir obyekt – istənilən halda bir itdən daha yaxşıdır". (Charles Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Edited by Nora Barlow), W. W. Norton & Company Inc., New York, 1958, səh. 232-233)
Darvinin bu dəhşətamiz dünyagörüşünü davam etdirənlər; mövhumatçılar, münafiqlər, kommunistlər, faşistlər və dinsizlər olmuşdur. Çirkli və mövhumatçı darvinist zehniyyətin bütün müdafiəçiləri qadına qarşı bu dünyagörüşünü qoruyub saxlayır. Bütün kommunist cəmiyyətlər bu məntiqdədir. İslam adından ortaya çıxan bəzi darvinist hocaların hamısı bu zehniyyətdədir. Qız uşaqlarını doğulan kimi öldürən və qız uşağı oldu deyə özünü alçaldılmış hesab edənlər yenə mövhumatçılardır. Quran, həmişə qadının lehinə olduğu və həmişə qadının qorunmasına üstünlük verildiyi halda; mövhumatçılarda, münafiqlərdə və darvinistlərdə bütün sistem kişini qorumağa və qadını əzməyə xidmət edir. Dolayısilə qadını aşağı hesab edən bu azğın zehniyyət İslamın deyil, Darvinin və radikalizmin zehniyyətidir.

Hazırda İslam əxlaqının lazımınca yaşanmadığı bütün cəmiyyətlərdə qadına ikinci dərəcəli insan rəftarı göstərilir. Qadına ən böyük dəyəri verən isə İslam əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin tam şəkildə yaşandığı saleh müsəlmanların meydana gətirdiyi cəmiyyətlərdir. Dolayısilə alçaq, dinsiz və Quranla deyil, xurafatlarla yaşayan cəmiyyətlərin çirkli anlayışlarını İslami qaynaqlıymış kimi göstərməyə çalışan insanlar çox ciddi şəkildə yanılırlar. Qadının ən üstün tutulduğu, bütün haqqlarının və həyatının qoruma altına alındığı, lazımi dəyərin verildiyi tək din İslamdır.